Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən Qərbi Kaspi Universitetində tələbələr üçün geniş maarifləndirici tədbir keçirilib.
Tədbirin əsas məqsədi gənclər arasında orqan donorluğu və transplantasiya mədəniyyətinin təşviqi, bu sahədə mövcud olan yanlış təsəvvürlərin aradan qaldırılması və cəmiyyət üçün həyati əhəmiyyət kəsb edən bu mövzuya diqqətin artırılması olub.
Tədbiri giriş sözü ilə universitetin Auditoriyadan kənar işlər üzrə prorektoru Sevda Sadıxbəyli açaraq qeyd edib ki, bu cür maarifləndirici tədbirlər tələbələrin dünyagörüşünün genişlənməsində mühüm rol oynayır. “Universitet yalnız bilik qazandıran məkan deyil, həm də insanın dəyərlərini formalaşdıran bir mühitdir. Bu gün burada səslənən fikirlər sabah veriləcək qərarlara təsir edə bilər.”
Daha sonra Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova çıxış edərək mövzunu faktlar və real yanaşma ilə təqdim edərək bildirib: “Orqan donorluğu ilə bağlı qərar insanın ən şəxsi və şüurlu seçimlərindən biridir. Bu qərarı hər kəs özü, əvvəlcədən və düşünərək verməlidir ki, çətin anda onun əvəzinə başqaları tərəddüd içində qalmasın.” O, ölkəmizdə transplantasiya sahəsində görülən işlər, hüquqi mexanizmlər və donor sisteminin inkişaf perspektivləri barədə də ətraflı məlumat verib.
Ardınca mərkəzin həkim-koordinatoru Mehriban Əliyeva çıxış edərək praktik təcrübəyə əsaslanan real həyat hekayələri üzərindən mövzunu iştirakçılara daha yaxın şəkildə izah edib: “Transplantasiya gözləyən hər bir pasiyentin arxasında bir həyat hekayəsi, bir ailə və böyük ümidlər dayanır. Donor olmaq isə həmin ümidlərin reallığa çevrilməsinə imkan yaradır.”
Tədbirin davamında təşkil olunan interaktiv sual-cavab sessiyası iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tələbələr onları düşündürən sualları səsləndirərək həm hüquqi, həm də tibbi aspektlər üzrə ətraflı izahlar alıblar.
Sonda qeyd olunub ki, bu kimi maarifləndirici tədbirlər gənclərin sosial məsuliyyətinin artırılmasına, orqan donorluğuna müsbət münasibətin formalaşmasına və cəmiyyətin bu sahədə daha həssas və məlumatlı olmasına mühüm töhfə verir.